ELM VƏ TƏHSİL
Türkiyəli alimlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti ilə tanış olublar
Bakı, 3 iyul, AZƏRTAC
Türkiyənin Samsun Ondokuz Mayıs Universitetinin torpaq elmləri fakültəsinin alimləri Ridvan Kızılkaya, Tayfun Aşkın və Coşqun Gülser Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar bu elm müəssisəsinin direktoru, professor Əlövsət Quliyevlə görüşüblər. Görüşün məqsədi Torpaqşünaslıq və Aqrokimya İnstitutu, onun fəaliyyət istiqamətləri, burada aparılan tədqiqat işləri barədə məlumat almaq və birgə elmi əlaqələrin yaradılmasıdır.
Sonra qonaqlar Torpaqşünaslıq və Aqrokimya İnstitutunun maddi-texniki bazası, laboratoriyaları və burada çalışan alimlərin elmi fəaliyyəti ilə tanış olublar. İnstitutun Torpaq Muzeyində olan türkiyəli alimlər onun fəaliyyətini yüksək dəyərləndiriblər.