Ukraynada bankların konsolidasiyası xətti yeridilir
Kiyev, 5 aprel (AZƏRTAC). Ukrayna Milli Bankı (UMB) son vaxtlar bankların konsolidasiyası prosesinin fəallaşmasını təqdir edir və hər vasitə ilə onu stimullaşdırmaq niyyətindədir. UMB-nin mətbuat xidməti xəbər verir ki, maliyyə idarələrinin birləşməsi və qovuşması, tənzimləyicinin fikrincə, bank sektorunda böhran illərindən yığılıb qalmış problemlərin həllinə kömək göstərəcəkdir.
Milli Bankda belə hesab edirlər ki, konsolidasiya prosesi ölkə banklarının maliyyə sabitliyinin daha yüksək səviyyəsini və bütün iqtisadi sistemin sabitliyini təmin etməsinə imkan verəcəkdir.
McKinsey & Company şirkətinin Kiyev ofisinin tərəfdaş müdiri Jorj Massud UMB-nin məqsədlərini belə şərh edir: “Hazırda Ukraynanın bank sahəsi ilkin inkişaf mərhələsində olan bazarı xatırladır. Bununla yanaşı bu sahə tarixən ən yüksək inkişaf göstəricilərindən birini nümayiş etdirmişdir”. Onun məlumatına görə, 2002-2008-ci illərdə Ukrayna bank sektorunun orta illik inkişaf sürəti göstəriciləri Şərqi Avropada ən yüksək göstəricilər olmuş və 54,6 faiz təşkil etmişdir (Rusiyada bu göstərici - 37,5 faiz, Macarıstanda - 19 faiz, Polşada -14,3 faiz olmuşdur). Lakin 2008-ci il böhranı ona ciddi zərbə endirmişdir. Şərqi Avropanın son onillikdə sarsıntılar keçirən maliyyə idarələrindən fərqli olaraq Ukrayna bankları ilk dəfə olaraq sahənin tarixində ən böyük tənəzzül keçirmişdir.
J.Massudun sözlərinə görə, maliyyə sistemində bərpa prosesi müşahidə edilir, lakin problemlər qalmaqdadır. O demişdir: “Ukraynanın bank sektoru çox fraqmentləşmişdir, özü də bankların çoxu aşağı reytinq pillələrindədir. Eyni zamanda, beş ən böyük bankın aktivlərinin ümumi həcmdə cəmləşməsi dərəcəsi hələ çox aşağıdır - 37 faiz (Rusiyada bu göstərici - 49 faiz, Çexiyada - 64 faiz, İsveçdə - 88 faizdir). Kreditlərin depozitlərə olan nisbəti əmsalı 170 faizə yaxınlaşır və orta müddətli perspektivdə sabit qalmayacaqdır.
McKinsey & Company analitiklərinin proqnozlarına görə, birləşmə nöqteyi-nəzərindən Ukraynada iki meylin inkişafı mümkündür. Birincisi, orta banklar daha da iriləşmək və mövqelərini möhkəmləndirmək məqsədilə birləşmə sazişlərinə fəal qoşula bilər - hazırda bazarda onların payı 3-4 faizdən çox deyildir. Digər tərəfdən, belə proseslərə xarici banklar laqeyd qalmayacaqdır. Onlar birləşmək və ölkə daxilindəki mövqelərini möhkəmlətmək üçün fəal imkanlar axtarırlar.
Bazar iştirakçılarının özləri meyillərə çox sakit yanaşırlar və hər hansı əsaslı dəyişikliklər gözləmirlər. Eyni zamanda, bankirlər düşünürlər ki, bu il Avropa mənşəli banklar öz aktivlərinin satışını gücləndirə bilər. “Milli Kredit” Bankının Müşahidə Şurasının sədri Andrey Onistratın fikrincə, bu, kifayət qədər iri sövdələşmələr, hətta bankın tam satışı ola bilər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev