ELM VƏ TƏHSİL
Ukraynada fəaliyyət göstərən Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin nümayəndə heyəti Azərbaycanda olub
Kiyev, 6 avqust, AZƏRTAC
Kiyevdə fəaliyyət göstərən Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, tibb elmləri doktoru, professor Aydın Salmanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərdən qayıdıb. Səfər Xəzər Universitetinin dəvəti əsasında baş tutub.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli ilə görüşüb.
Görüşlərdə professor Aydın Salmanov, Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şahbaz Salmanov, habelə Mərkəzin Bakıdakı əməkdaşı Hafiz Osmanov iştirak ediblər.
Tərəflər elm, təhsil və tibb sahələrində əməkdaşlığın perspektivləri, habelə Azərbaycan, Ukrayna və digər ölkələrin alimlərinin iştirakı ilə birgə layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Aydın Salmanov səhiyyə nazirinin müavininə və AMEA-nın humanitar elmlər bölməsinin akademik katibinə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr etdiyi yeni kitablarını və Azərbaycan xalqının şanlı qızına həsr edilmiş beynəlxalq elmi-praktik konfransların materiallarını təqdim edib.
Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzinin nümayəndə heyəti Bakıda olduğu müddətdə, həmçinin Xəzər universitetinin kollektivi ilə görüşüb. Görüşdə elm və təhsil sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
Nümayəndə heyəti səfər çərçivəsində Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində olub. Professor Aydın Salmanov Mərkəzin kitabxanasına Azərbaycan xalqının şanlı qızı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr etdiyi doqquz kitabını hədiyyə edib.
AZƏRTAC-a müsahibə verən professor Aydın Salmanov vurğulayıb ki, Azərbaycan Respublikasının rəhbərliyi ölkənin sosial-iqtisadi inkişafına böyük diqqət ayırır. Qeyd edib ki, nümayəndə heyəti təkcə respublikanın paytaxtında deyil, regionlarda da yüksək səviyyəli inkişafın şahidi olub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev