İQTİSADİYYAT
Ukraynalı nazir: “Yeni İpək Yolu bütün region üçün strateji layihədir”
Bakı, 22 fevral, AZƏRTAC
Yeni İpək Yolunun uğurlu olması idarəçilik qərarlarının keyfiyyətindən asılıdır.
AZƏRTAC Ukrayna İnfrastruktur Nazirliyinin saytına istinadla xəbər verir ki, nazir Andrey Pivovarski bu fikri Ukrayna Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurasının iclasında söyləyib.
Çinə ünvanlanmış yüklərin Qərbdən Şərqə doğru Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə çatdırılmasının alternativ marşrutu olan Yeni İpək Yolu layihəsinin həyata keçirilməsinə həsr olunmuş tədbirdə çıxış edən nazir Andey Pivovarski bildirib ki, Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan bu layihənin gerçəkləşməsi üçün bütün siyasi məqamları tənzimləyiblər. İlk sınaq qatarı yanvarın 31-də uğurla təyinat məntəqəsinə çatıb. Bu, gələcəkdə qarşıya biləcək “incəlikləri” aşkar etməyə və belə hallardan necə yaxa qurtarmağı anlamağa kömək edib. İndi qatarın kommersiya reysləri barədə razılığa gəlmək lazımdır. Nazir vurğulayıb: “Yeni İpək Yolu bütün region üçün strateji layihədir. Bu layihənin uğurlu olması onun reallaşması üçün cavabdeh olan menecerlərin idarəçilik qərarlarının keyfiyyətindən, onların bu layihəni nə dərəcədə səmərəli kommersiyalaşdırmasından birbaşa asılıdır. Söhbət həm yüklərin Ukraynadan Çinə çatdırılmasından, həm də başqa bazarlarla ticari əlaqələrin inkişafından gedir”.
İclas iştirakçıları işçi qrup yaradılması və alternativ marşrutun işə salınması layihələrinin ilkin siyahısının artıq fevralın sonuna qədər formalaşdırılması barədə razılığa gəliblər.