DÜNYA
Ukraynanın baş naziri Kiyevdə NATO-nun baş katibi ilə görüşüb
Kiyev, 7 avqust (AZƏRTAC). Avqustun 7-də Ukraynanın baş naziri Arseni Yatsenyuk Kiyevdə səfərdə olan NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşüb.
Bu barədə hökumət portalı məlumat verir.
Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, “hökumət başçısı və NATO-nun baş katibi Alyansın sentyabrın 4-5-də Böyük Britaniyada keçiriləcək sammitinin yekunlarına dair Ukraynada hadisələrin inkişafına əlavə cavab tədbirləri görülməsinin vacib olduğunu qeyd ediblər”.
Xəbər verilir ki, A.Yatsenyuk və A.F.Rasmussen həmçinin Ukraynanın Alyansla əməkdaşlığının daha da genişləndirilməsinə yönəldilmiş birgə tədbirlərdən danışıblar. Söhbət xüsusən illik milli planlar çərçivəsində birgə fəaliyyətdən, habelə maddi-texniki təminat istiqamətləri üzrə Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün NATO-nun yaratdığı yeni trast fondlarından, idarəetmə və rabitə, kibernetik müdafiə sistemindən, habelə ehtiyata buraxılmış hərbi qulluqçuların sosial adaptasiyasından gedir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev