İDMAN
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində “Azərikimya”nın sağlamlığı məhdud olan uşaqlara yeni töhfəsi
Sumqayıt, 8 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi növbəti xeyirxahlıq nümunəsi nümayiş etdirmişdir.
Sumqayıt şəhərindəki fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi tipli internat məktəbində yeni, müasir tələblərə uyğun mini futbol meydançası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, uşaqların illərdən bəri intizarla gözlədikləri bu gözəl meydança Sumqayıt kimyaçılarının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) maddi dəstəyi ilə ərsəyə gətirilmişdir.
Şəhər icra hakimiyyəti, AFFA, “Azərikimya” İB, şəhər gənclər və idman baş idarəsi, “Sumqayıt” peşəkar futbol klubu, şəhər təhsil şöbəsi rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə internat məktəbinin özfəaliyyət kollektivləri Ulu Öndərə həsr olunmuş mahnılar və şeirlər oxumuşlar.
Açılış mərasimində “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və başqaları çıxış edərək Prezident İlham Əliyevin idmana və idmançılarımıza göstərdiyi diqqət və qayğıdan, Sumqayıt şəhərində həyata keçirilən abadlıq və quruculuq işlərindən danışmışlar.
Sonra mini futbol meydançasının rəsmi açılışı olmuş və futbol marşının sədaları altında komandalar yaşıl meydançaya daxil olmuşlar.
Tədbirin sonunda iştirakçılar internat məktəbindəki sərgi salonunda uşaqların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr etdikləri rəngarəng əl işləri ilə tanış olmuşlar.