SİYASƏT
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da Bakının Suraxanı rayonundakı 7 nömrəli internat məktəbində “Qafqaz Media” İctimai Birliyinin (QM İB) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar anım günü keçirilmişdir.
Məktəbin direktoru Qabilə Bağırova, Prezident təqaüdçüsü şair Nurəngiz Gün, QM İB-nin sədri Azadə Taleh, xalq artisti Məleykə Əsədova və başqaları ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin aradan qalxdığını, torpaqlarımızda gedən qanlı döyüşlərə son qoyulduğunu bildirmişlər.
Foyedə ulu öndərə həsr olunmuş xatirə guşəsi və istedadlı şagirdlərin Heydər Əliyev ömrünün müxtəlif anlarını əks etdirən rəsm sərgisi açılmışdır.
Şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Sonda QM İB vəsaiti ilə şagirdlərə xatirə hədiyyələri təqdim edilmiş, ehsan süfrəsi açılmışdır.