SİYASƏT
Ulu Öndərin müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətləri ölçüyəgəlməzdir
Bakı, 10 may (AZƏRTAC, Elvira Məmmədova). Hər il müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin doğum günündə Fəxri xiyabana gələrək dahi insanın məzarını ziyarət etməyi özümə vətəndaşlıq borcu hesab edirəm. Ulu Öndərin müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətləri ölçüyəgəlməzdir.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Bakı şəhər sakini Dilşad Abbasova AZƏRTAC-a müsahibəsində demişdir.
O, həmçinin vurğulamışdır ki, Ulu Öndərin dövlətçiliyimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycan durduqca xatırlanacaqdır. Bu gün Azərbaycanın hər bir guşəsində, hər bir bölgəsində onun xatirəsi əziz tutulur.