SİYASƏT
Ulu Öndərin xatirəsinə hörmət və ehtiram onun Vətən və xalq qarşısında misilsiz xidmətlərindən qaynaqlanır
Bakı, 10 may (AZƏRTAC, Raisə Abbasova). Ulu Öndərin xatirəsinə hörmət və ehtiram onun Vətən və xalq qarşısında misilsiz xidmətlərindən qaynaqlanır.
Bu sözləri mayın 10-da Ümummilli Liderin 91 illiyi münasibətilə Fəxri xiyabana gəlmiş Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı Mahir Hümbətov AZƏRTAC-a müsahibəsində demişdir.
O bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində misilsiz izlər qoymuş dövlət xadimidir. Məhz Ulu Öndərin uzaqgörən, milli maraqlarımıza xidmət edən siyasəti nəticəsində bu gün azad, müstəqil, qüdrətli bir dövlətdə yaşayırıq. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndərin titanik fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkə parçalanmaq təhlükəsindən xilas olmuşdur. Azərbaycanın son otuz ildən artıq bir dövrü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Dahi siyasətçinin xilaskarlıq missiyasını yaşından asılı olmayaraq, bütün azərbaycanlılar yaxşı dərk edirlər. İctimai-siyasi sabitliyin hökm sürdüyü, demokratik prinsiplərlə idarə olunan bir ölkədə yaşamaq xoşbəxtlikdir və xalqımız ona bu səadəti bəxş etmiş dahi rəhbər Heydər Əliyevə minnətdardır.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın möhtəşəm inkişafının təməli məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur.