CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqına həsr edib
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mayın 10-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında tədbir keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışıb. O, Ulu Öndərin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrindən, hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və bu missiyanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən söz açıb.
Z.Abdullayev bildirib ki, ümummilli lider Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib. Dahi rəhbər öz fəaliyyətində həmişə xalqa arxalanıb və ən çətin anlarda ona müraciət edib. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.