SİYASƏT
VAŞİNQTONDA KEÇİRİLMİŞ KONFRANSDA AZƏRBAYCANIN MÜHÜM BEYNƏLXALQ ROLU VURĞULANMIŞDIR
Vaşinqton, 15 may (AZƏRTAC). Azərbaycanın bölgədə və beynəlxaq miqyasda oynadığı mühüm rol Vaşinqtonun Karneqi Fondunda təşkil edilən konfransda vurğulanmışdır.
Nüfuzlu Ceymstaun Fondunun təşəbbüsü ilə “Azərbaycan və Qərb: Avrasiyanın kəsişməsində strateji tərəfdaşlıq” mövzusunda keçirilmiş tədbirdə bölgəmiz üzrə bir sıra tanınmış mütəxəssislər, o cümlədən Ceymstaun Fondunun baş tədqiqatçısı Vladimir Sokor, Amerika Siyasi Elmlər Assosiasiyasının xarici siyasət bölməsinin başçısı Brenda Şaffer və ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə sabiq müavini Daniel Fata çıxış etmişlər.
Mütəxəssislər yekdilliklə bildirmişlər ki, ABŞ ilə Azərbaycan arasında mövcud starteji tərəfdaşlığa baxmayaraq Konqres tərəfindən 1990-cı illərin əvvəlində qəbul edilən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin hələ də ləğv edilməməsi ikitərəfli münasibətlərə zərər vurur. Bu ədalətsiz maddənin tez bir zamanda aradan qaldırılmasını vacib sayan natiqlər qeyd etmişlər ki, Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinin bundan sonra inkişaf etdirilməsi üçün hələ çox potensial vardır. Belə ki, rəsmi Bakı Ağ Evə bölgə ilə bağlı bir sıra mühüm məsələlər üzrə dəyərli tövsiyələr verə bilər, tərəflər hərbi əməkdaşlığı genişləndirərək ABŞ-ın Gürcüstanla imzaladığı strateji müttəfqilik haqqında sazişə bənzər sənəd imzalaya bilər, ABŞ NATO-Azərbaycan Şurasının yaradılmasını dəstəkləyə bilər və ümumiyyətlə, bölgədə hərbi və digər təmsilçiliyini artırmaqla arzuolunmayan xarici qüvvələrin Azərbaycanın siyasətinə müdaxiləsini məhdudlaşdırardı.
Mütəxəssilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaiqşəsinə toxunaraq vurğulamışlar ki, torpaqlarının 20 faizi işğal altında, əhalisinin bir milyonu məcburi köçkün və qaçqın olmasına baxmayaraq, Azərbaycan hökuməti və ictimayyəti sülhməramlı siyasəti dəstəkləyir.
Natiqlər ABŞ Konqresinin Dağlıq Qarabağa yardım göndərməsini, rəsmi Vaşiqtonun Türkiyə-Ermənistan sərhədlərinin açılması səylərinin dəstəkləməsini yalnız münaqişənin həllinə maneə deyil, eləcə də ABŞ-ın bölgədəki maraqlarına zidd addımlar kimi qiymətləndirmişlər. Onlar Birləşmiş Ştatları münaqişənin tezliklə həll edilməsi üçün səylərini artırmağa çağırmışlar.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton