Vyanadakı seçki məntəqəsində səsvermə prosesi yekunlaşmışdır
Vyana, 9 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılmış 15 saylı Yasamal I seçki dairəsi üzrə 40 saylı seçki məntəqəsində səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatmışdır.
Məntəqə seçki komissiyasından bildirmişlər ki, seçici siyahısında olan Azərbaycan vətəndaşlarından 144 nəfər, yəni seçicilərin 60 faizi seçkilərdə iştirak etmişdir.
Qeyd edək ki, Vyanada yaradılmış seçki məntəqəsində Avstriyada yaşayan vətəndaşlarımızla yanaşı, səfirliyin akkreditə olunduğu Slovakiya və Sloveniyadan, eləcə də konsulluq qeydiyyatında olan azərbaycanlıların sayı 50 nəfərdən az olan Xorvatiya və Macarıstandan gəlmiş Azərbaycan Respublikasının vətəndaşları səs vermişlər.
Səsvermənin gedişində heç bir qanun pozuntusu qeydə alınmamış, səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana