ELM VƏ TƏHSİL
Xalq şairi Sabir Rüstəmxanlıya Əlyazmalar İnstitutunun fəxri doktoru adı verilib
Bakı, 18 mart, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının Elm gününə həsr olunmuş iclası keçirilib.
Şuranın gündəliyində duran əsas məsələ Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlıya institutun fəxri doktoru adının verilməsi olub.
İclası müəssisənin baş direktoru akademik Teymur Kərimli açaraq bildirib ki, sədrlik etdiyi şuranın bütün üzvlərinin yekdil qərarı ilə Sabir Rüstəmxanlı Əlyazmalar İnstitutu qarşısında göstərdiyi xidmətlərə görə institutun fəxri doktoru adına layiq görülüb.
Xalq şairi göstərilən bu etimada görə təşəkkürünü bildirib və öz növbəsində “Ziyayi-Qafqaziyyə” qəzetinin bütün nömrələrinin toplusunu institutun fonduna hədiyyə edib.
Qeyd edək ki, bu vaxta qədər Sabir Rüstəmxanlı özünün şəxsi arxivini də tam şəkildə Əlyazmalar İnstitutuna hədiyyə edib. Hazırda institutun Şəxsi arxiv fondunda müasir şairlərin şəxsi arxivləri sırasında onun da əsərlərinin əlyazma nüsxələri yer alır.
Xatırladaq ki, Əlyazmalar İnstitutunun ilk fəxri doktoru adına 2012-ci ildə Türkiyə Cümhuriyyəti Ədəbiyyat Vəqfinin başkanı Sərvət Kabaklı layiq görülüb. Sabir Rüstəmxanlı isə bu ada layiq görülən ikinci görkəmli ictimai xadimdir.