REGİONLAR
Xarici ölkələrdə ali təhsil alan sumqayıtlı gənclər bir araya gəliblər
Baş idarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili tarixindən bəhs edilərək, keçən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin bu sahədəki xüsusi xidmətlərindən söz açılıb. Qeyd edilib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırır. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hər il gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradılması təqdirəlayiq hal kimi vurğulanıb.
Geniş fikir mübadilə şəraitində keçən görüşdə xarici ölkələrdə yaşayan sumqayıtlı gənclər haqqında informativ kitabın nəşr edilməsi, “Facebook” sosial şəbəkəsində bu qəbildən olan gənclərin şəbəkəsinin formalaşdırılması barədə təkliflər səslənib.
Çin Xalq Respublikasında təhsil alan Allahverdi Şahverənov, Əhməd Əsgərov bu ölkədə Azərbaycanın təbliği istiqamətində gördükləri işlər barədə məlumat veriblər.
Sonda xaricdə ali təhsil alan gənclərə baş idarənin nəşrləri təqdim edilib və xatirə şəkli çəkdirilib.