CƏMİYYƏT
“Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində multiplayerlər üçün təlimlər keçirilmişdir
Bakı, 12 mart (AZƏRTAC). “Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində ekspertlər tərəfindən Azərbaycanın müxtəlif şəhərlərindən olan multiplayerlər üçün sosial şəbəkələr üzrə təlimlər keçirilmişdir.
“Xətdə” Sosial Şəbəkə Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, təlimlərdə Bakı, Sumqayıt, Şəki, Lənkəran, İsmayıllı, Quba, Gəncə, Biləsuvar şəhərlərini təmsil edən sosial şəbəkələrin fəal istifadəçiləri, səhifə adminləri, bloqçu gənclər iştirak etmişlər.
Təlimlər zamanı multiplayerlər sosial şəbəkələrin yaranması və inkişafı, fəlsəfəsi, Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr haqqında məlumat əldə etmişlər.
Təlimlərdə dünyanın ən böyük sosial şəbəkələri kimi “facebook” və “twitter”ə geniş yer ayrılmışdır. Bu sosial şəbəkələrin yaranması və inkişafı, faydaları, həmçinin onlar vasitəsilə biznes və kreativ fəaliyyətin aparılmasına dair praktik məşğələlər keçirilmişdir.
Multiplayerlər üçün təlimin növbəti məşğələləri “youtube” və “blog” mövzularında olmuşdur. Akademiya çərçivəsində multiplayerlər tərəfindən Azərbaycanın 40-dan çox şəhər və rayonunda təlimlərin keçiriləcəyini nəzərə alaraq, onlara natiqlik, auditoriya ilə iş, inandırma sənəti və s. sahələri əhatə edən təlim keçirilmişdir.
Daha sonra multiplayerlərin bilik və bacarıqlarının gücləndirilməsi məqsədi ilə sosial şəbəkələr üzrə test keçirilmişdir.
Sözügedən multiplayerlər vasitəsilə bu ilin mart-may aylarında 1000-dən çox gəncin təlimləndiriləcəyi planlaşdırılır.
“Xətdə” Sosial Şəbəkə Akademiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir.
Layihənin məqsədi region gənclərinin şəbəkələşməsi, gənclərin informasiya texnologiyaları sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır.