İQTİSADİYYAT
“Xəzər” avtomobilləri Moskvada keçirilən beynəlxalq sərgidə təqdim olunub
Moskva, 29 avqust, AZƏRTAC
Azərbaycan istehsalı olan “Xəzər” avtomobilləri Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində təqdim olunub. “Krokus Ekspo” Sərgi Mərkəzində keçirilən sərgidə Neftçala Sənaye Məhəlləsinin Avtomobil Zavodunda istehsal edilmiş “Xəzər LD” və “Xəzər SD” avtomobilləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, ənənəvi Moskva Beynəlxalq Avtomobil Salonu Sərgisi avtomobil sənayesinin inkişafı üçün mühüm hadisə hesab edilir, Rusiya bazarını müasir və yüksək keyfiyyətli avtomobillə təmin etmək üçün əlavə stimuldur.
Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə keçirilən sərgidə “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti Neftçala Avtomobil Zavodunda istehsal olunan “Xəzər LD” və “Xəzər SD” avtomobilləri ilə təmsil olunur.
Sərgi iştirakçılarına məlumat verilib ki, Avro-5 standartlarına uyğun istehsal olunan “Xəzər” avtomobilləri beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir. Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. “Made in Azerbaijan” brendi altında satışa çıxarılan avtomobillərin 20 faizi gələcəkdə xaricə ixrac ediləcək.
Qeyd edək ki, Moskva beynəlxalq avtomobil salonu sərgisində dünya avtomobil sənayesi liderlərinin ən son işləri, habelə qabaqcıl ideya, konsepsiya, texnologiya və materiallarla tanış olmaq mümkündür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva