İDMAN
“Xəzər-Lənkəran” turnir cədvəlində vahid liderliyini davam etdirir
Bakı, 29 oktyabr (AZƏRTAC). Futbol üzrə Unibank Premyer Liqasının XI turunda doğma meydanda “Kəpəz”i qəbul edən “Xəzər-Lənkəran” rəqibini minimal hesabla məğlub edərək turnir cədvəlində vahid liderliyini davam etdirir - 1:0. Oyunda Dejan Rusiç fərqlənmişdir.
AZƏRTAC xəbər verir ki, “Kəpəz” komandasının baş məşqçisi Mehman Allahverdiyev oyunun gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirmiş və demişdir ki, “Xəzər-Lənkəran” lider komandadır, stabil oyun nümayiş etdirir. Hər iki komanda əla oyun göstərdi. Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm.
“Xəzər-Lənkəran”ın baş məşqçisi Mirça Rednik vurğulamışdır ki, “Kəpəz” çox intizamlı komandadır. Yaxşı oyun izlədik, sadəcə meydanın vəziyyəti daha da gözəl oyun göstərməyə imkan vermədi. Şiddətli yağış yağırdı, buna baxmayaraq, qalib gəldik, 3 xal qazandıq.