MƏDƏNİYYƏT
XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ RESPUBLİKA SƏRGİ-MÜSABİQƏSİ KEÇİRİLİR
Bakı, 11 may (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi keçirilir.
Nazirliyin mətbuat xidmətindən bildirilmişdir ki, sərgi-müsabiqənin məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının rəsm və rəngkarlıq, heykəltəraşlıq, tətbiqi sənət, plakat, müasir incəsənət də (foto-art, video-art, instalyasiya) daxil olmaqla, təsviri sənət əsərləri vasitəsilə ifadəsinə imkan yaratmaq, xalqımıza qarşı törədilmiş soyqırım faktının bədii təcəssümünü nümayiş etdirməkdir.
Sərgi-müsabiqəyə bu il mayın 7-dən sonra yaradılmış əsərlər qəbul olunacaqdır. Layihə və əsər üçün material müəllif tərəfindən seçiləcək, əsərlər tam (çərçivələnmiş halda) qəbul ediləcəkdir. Sərgi-müsabiqədə iştirak etmək istəyənlər öz əsərlərini 2011-ci il yanvar ayının 30-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim etməlidirlər. Sərgi-müsabiqə dörd nominasiya: rəsm və rəngkarlıq; heykəltəraşlıq; dekorativ-tətbiqi sənət və müasir incəsənət üzrə keçiriləcəkdir.
Sərgi-müsabiqəyə təqdim olunan əsərlər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaqdır.