CƏMİYYƏT
Xüsusi qayğıya ehtiyacı olan insanlara yönələn ödənişlərdə orta hesabla üç dəfə artıma nail olunub
![Xüsusi qayğıya ehtiyacı olan insanlara yönələn ödənişlərdə orta hesabla üç dəfə artıma nail olunub](/files/2023/1/1200x630/1678521044270461478_1200x630.jpg)
Bakı, 11 mart, Göyçək Mahmudlu, AZƏRTAC
Son beş ildə icra olunan dörd sosial islahat paketi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların təminatı xeyli dərəcədə genişləndirilib. Onlara yönələn sosial ödənişlərdə orta hesabla üç dəfə artıma nail olunub.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev "Fərqli Fərdlər" konqresində çıxışı zamanı deyib.
Nazir müavinin sözlərinə görə, son illər ərzində ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun olaraq qurulmasında mühüm addımlar atılır, bölgələrdə həmin şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülür: "Ən son Qəbələdə Uşaq Bərpa Mərkəzi açılıb. Mərkəzlərdə müasir müalicə tədbirləri ilə yanaşı, 18 yaşınadək uşaqların bacarıqlarının inkişafına dəstək işləri də həyata keçirilir. Bundan əlavə, həssas qrupların inklüziv mühitdə yaradıcı potensialının inkişafına dəstək sahəsində dövlət siyasətini təcəssüm etdirən mühüm nailiyyətlərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzidir. Mərkəzdə keçirilən təlimlərdə əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvlərindən ibarət 150-dək benifisiar iştirak edir. Bununla yanaşı, ötən dövrdə "Könüllü DOST" proqramında əlilliyi olan gənclərin inkişafına şərait yaradılıb.
İnklüziv əmək bazarının inkişafı sosial islahatların əsas hədəflərindən biridir. İldən-ilə genişlənən aktiv məşğulluq proqramlarında əlilliyi olan şəxslərə də üstünlük verilir. Ötən il əlilliyi olan daha 1600 nəfərə özünüməşğulluq proqramı üzrə kiçik biznes yaradılıb. BMT-nin İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində əlilliyi olan 500-ə qədər şəxs üçün kiçik biznes qurulur, əlliliyi olan gənclərə peşəyönümlü dəstək işləri də aparılır. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "British Council"la birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq və karyera imkanlarını daha da artırmaq məqsədilə onlar üçün müasir əmək bazarında tələb olunan bacarıqlara yiyələnməsi üçün 200-dək əlilliyi olam şəxsin iştirakı ilə təlimlər təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində isə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası istiqamətində mühüm işlər aparılır. Ötən il daha 600-dək gəncə həmin mərkəzdə müvafiq xidmətlər göstərilib. Mərkəzin xidmətlərindən yararlananlara qardaş Türkiyədə də təlimlərdə iştirak etməyə şərait yaradılır. Eyni zamanda, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgilər, müsabiqələr təşkil olunur. Həyata keçirilən tədbirlər həmin şəxslərin yaradıcılığının cəmiyyətə təqdim edilməsində, həmçinin onların özünəinam hissinin artırılmasında, öz bacarıqlarının daha da təkmilləşdirilmək əzminə sahib olmalarında mühüm önəm kəsb edir. Bütün bunlar xüsusi qayğıya ehtiyacı olan vətəndaşların peşə bacarıqlarının və yaradıcılıq potensialının təkmilləşdirilməsinə, eyni zamanda, gələcək məşğulluq və karyera imkanlarının genişlənməsinə imkan yaradır".