CƏMİYYƏT
YAP Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd edilib
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.
YAP Xətai rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə rayon təşkilatının həyatında əlamətdar bir günün yaşandığını vurğulayaraq bildirib ki, arxada qalan illər uğurlarımızın davamlılığı ilə müşayiət olunub. “Bu il yaradılmasının 30 illik yubileyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə həyata vəsiqə alıb”, - deyə V.Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 30 ildə qazandığı uğurların təhlili fonunda bu fikri xüsusi qeyd edib ki, 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən dəstək, səs Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində böyük Qələbəsinə yol açıb. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü bu Zəfərimizdən qürurludur, yeni reallıqların diktə etdiyi vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə çalışırlar.
Vurğulanıb ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmaq iqtidarındadır. Bunları həyata keçirmək üçün mühüm əsaslar vardır. O da qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli siyasi təşkilatıdır.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır.
A.Rəhimzadə qeyd edib ki, 1992-ci il noyabrın 21-də yaradılan partiya ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlanıb və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilib. O deyib ki, YAP öz gücünü Heydər Əliyev ideyalarından alır.
Partiyanın yarandığı dövrdə ictimai-siyasi durumun ağır vəziyyətdə olmasından, insanların sabaha olan ümidlərinin itməsindən bəhs edən “91-lər”in üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha inam yaradıb, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açıb.
Digər çıxış edənlər - akademik Vaqif Abbasov, şəhid atası, Xalq artisti Əli Nur, YAP Xətai rayon təşkilatının təsis konfransının iştirakçısı Kərim Ağayev, partiya fəalı Məmməd Əliyev, fəal gənc Aysel Mayıllı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən bəhs edib, YAP-ın ölkəmizin tarixində mühüm rolundan danışıblar.
Sonda YAP Xətai rayon təşkilatının yarandığı gündən bu günədək onun işində fəal iştirak edən bir qrup üzvə fəxri fərman təqdim edilib.