DÜNYA
Yaponiya hökuməti İmperatorun taxtdan imtina gününü 2019-cu il aprelin 30-na planlaşdırır
Tokio, 1 dekabr, AZƏRTAC
Yaponiya hökuməti İmperator Akihitonun taxtdan imtina gününü 2019-ci il aprelin 30-na planlaşdırır. AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, növbəti gün - mayın 1-də vəliəhd-şahzadə Naruhito taxta çıxaraq ölkə tarixində növbəti dövrün başlandığını elan edəcək.
Bu, son iki yüz ildə ilk dəfə taxtdan imtina halı olacaq və yapon ənənəvi təqviminə uyğun olaraq “Heysey” dövrünün başa çatdığını bildirəcək.
Yaponiyada taxtdan imtina mürəkkəb prosesdir. Ötən il İmperator Akihito xalqa müraciət edərək yaşının çoxluğu ilə əlaqədar vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyindən narahatlığını ifadə edib. Hazırda onun 83 yaşı var.
Yaponiya Konstitusiyası İmperatorun hər hansı siyasi təsirə malik olmasına yol vermir. Bir çoxları bunu İmperatorun taxtı tərk etmək istəyi kimi qəbul edirlər. Ölkədə bununla bağlı xüsusi qanunvericilik olmadığından, parlament xüsusi qanun qəbul etməli oldu. Deputatlar bildirdilər ki, həmin qərarı xalqın buna İmperatorun növbəti arzusu kimi yanaşacağını əsas götürərək qəbul ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio