SİYASƏT
YAPONİYA HÖKUMƏTİNİN “ÖT KÖKLƏRİ VƏ İNSAN TƏHLÜKƏSİZLİYİ” QRANT YARDIMI PROQRAMI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ MÜQAVİLƏLƏR İMZALANMIŞDIR
Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyinin iqamətgahında Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək layihələr üzrə müqavilələr imzalanmışdır.
Mərasimdə bildirilmişdir ki, Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində Azərbaycana daha 8 qrant ayrılmışdır. İsmayıllı, Laçın, Qusar, Bərdə, Tərtər, Şəki, Salyan, Gəncə və Qubada həyata keçiriləcək səkkiz layihəyə ayrılmış qrant yardımının ümumi məbləği 763 982 ABŞ dollarıdır.
Səhiyyə, təhsil, ekologiya və sosial müdafiə sahələrini əhatə edən səkkiz layihə üzrə razılaşmaları Yaponiya hökuməti tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Masamitsu Oki, Azərbaycan tərəfindən isə yeddi QHT-nin və bir rayon təhsil şöbəsinin rəhbərləri imzalamışlar.
Səfir M.Oki demişdir ki, səhiyyə, təhsil, ekologiya və sosial müdafiə sahələrini əhatə edən “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində 2000-ci ildən indiyədək 9 293 567 milyon ABŞ dolları dəyərində 128 layihə maliyyələşdirilmişdir.
İmzalanma mərasimində iştirak edən Azərbaycanın təhsil naziri Misir Mərdanov Yaponiya hökumətinin ölkəmizdə davamlı olaraq təhsil sahəsində layihələr həyata keçirdiyini vurğulamışdır. Təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir bildirmişdir ki, cari il Azərbaycan ilə Yaponiya arasında təhsil sahəsində çox ciddi addımlar atılmışdır. Azərbaycanda üç orta məktəbdə yapon dili tədris olunur.
######