İQTİSADİYYAT
Yaponiyada Azərbaycan iqtisadiyyatına böyük maraq göstərilir
Bakı, 21 iyul (AZƏRTAC). Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Yaponiyanın Çiba Kommersiya Universitetinin prezidenti Haruo Şimadanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Yaponiya iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, həyata keçirilən irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də fondun iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib.
Haruo Şimada ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Görüş zamanı Azərbaycan İnvestisiya Şirkəti və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimat keçirilib. Həmçinin sənaye, maliyyə, tekstil, təhsil və daşınmaz əmlak sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.