DÜNYA
Yaponiyanın Baş naziri və Fransa Prezidenti nüvə texnologiyasının ixracı sahəsində ikitərəfli əməkdaşlığa dair razılığa gəlmişlər
Tokio, 7 iyun (AZƏRTAC). Yaponiyanın Baş naziri Şinzo Abe və Fransa Prezidenti Fransua Olland arasında əldə edilmiş razılaşmaya əsasən, bundan sonra bu ölkələr müdafiə texnikasının hazırlanması və nüvə texnologiyasının ixracı sahəsində əməkdaşlıq edəcəklər.
Bu barədə iki liderin iyunun 6-da Tokioda keçirilmiş görüşündən sonra dərc edilmiş birgə bəyanatda məlumat verilmişdir.
Görüşdən sonra Baş nazir Ş.Abe jurnalistlərə bildirmişdir ki, iki ölkənin liderləri Yaponiya və Fransa arasında xüsusi tərəfdaşlığın möhkəmlənməsi üçün səylə çalışacaqlarını təsdiq etmişlər.
Fransa Prezidenti isə bildirmişdir ki, Türkiyə Fransa və Yaponiya şirkətləri tərəfindən hazırlanmış nüvə reaktorunu almaq barədə qərar qəbul etmişdir. F.Olland qeyd etmişdir ki, Fransa və Yaponiya yalnız nüvə enerjisi sahəsində deyil, digər sahələrdə də sıx əməkdaşlıq edə bilərlər.
Birgə bəyanatda müdafiə texnikasının hazırlanması və ixraca nəzarət barədə müzakirələrin aparılması məqsədilə xarici işlər və müdafiə nazirlərinin görüşlərinin təşkilinin zəruriliyi də əksini tapmışdır.
Ş.Abe və F.Olland təsdiq etmişlər ki, hər iki ölkə Yaxın Şərqdə və Afrikada təhlükəsizlik məsələləri ilə bağlı fəal informasiya mübadiləsi aparacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio