DÜNYA
Yaponiyanın hakim partiyaları TPP üzrə qanun layihələrinin müzakirələrini sürətləndirmək niyyətindədirlər
Tokio, 24 oktyabr, AZƏRTAC
Yaponiyanın hakim partiyalarının üzvləri parlamentdə azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə qanun layihələrinin müzakirələrini sürətləndirəcəklərinə inanırlar. Ötən bazar günü keçirilən təkrar seçkilər zamanı parlamentin aşağı palatasındakı iki yerin saxlanması onları buna daha da ümidləndirib.
Liberal Demokratik və Komey partiyalarının üzvlərinin qənaətinə görə, seçkilərin nəticəsi Baş nazir Şinzo Abenin iqtisadi siyasətinin və həmçinin TPP-nin reallaşmasının əhali tərəfindən dəstəkləndiyini deməyə əsas verir.
Hakim koalisiya ümid edir ki, TPP üzrə qanun layihələri cari ayın sonunadək qəbul olunacaq. O, həmin paktın parlamentin hazırkı sessiyasının sonunadək qəbul edilməsi üçün lazım olan bütün addımları atmağa hazırdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio