MƏDƏNİYYƏT
Yaponiyanın NHK telekanalı Şika şəhəri taikoçalanlar qrupunun Azərbaycana gözlənilən səfəri barədə süjet yayımlayıb
Tokio, 9 noyabr, AZƏRTAC
Noyabrın 9-da Yaponiyanın NHK telekanalı Şika şəhəri nağaraçalanlar qrupunun Azərbaycana gözlənilən səfəri barədə süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “Yaponiyanın Şika şəhərinin nağaraçalanlar qrupu Azərbaycana səfər edəcək” adlı süjetdə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək üçün Şika şəhərindən olan yapon nağaraçalanlar qrupu gözlənilən səfəri barədə məlumat verilir. Xatırladılır ki, ötən il keçirilən Tokio Paralimpiya Oyunlarında Azərbaycandan olan üzgüçülər Oyunlardan əvvəl təlim-məşq toplanışı üçün Şika şəhərinə gəliblər. Burada keçirilən məşqlərdən sonra azərbaycanlı idmançıların yarışlarda böyük uğurla iştirak etdiyi xüsusi vurğulanıb. Qeyd edilib ki, yarışlardan ötən dövrdə idmançılar və şəhər sakinləri arasında dostluq əlaqələri sıx şəkildə davam edir.
Süjetdə cari ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illliyinin təntənəli şəkildə qeyd olunduğunu bildirən şəhər bələdiyyəsinin sədri Masaru Koizumi nağaraçalanlar qrupunun səfərə həvəslə hazırlaşdıqlarını deyib. Bildirib ki, “Şiqa Tenyu Taiko” qrupunun üzvləri noyabrın 22-dən başlanacaq həmin səfərin uğurlu alınması üçün şəhərin gimnaziyasına toplaşaraq ənənəvi və müasir mahnıların oranjimanlarını məşq edirlər.
“Şiqa Tenyu Taiko” qrupunun lideri Koiçi Yamato da bu səfərə ciddi hazırlaşdıqlarını deyib: “Biz doğma şəhərimizi təmsil etmək üçün Azərbaycana gedəcəyik. Çalışacağıq ki, səfər zamanı Şika şəhərinin taiko nağaralarının cazibəsini yerli tamaşaçılara layiqincə çatdıraq”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio