DÜNYA
Yaponiyanın yarım milyon sakininə təxliyə olunmaq göstərişi verilib
Bakı, 6 iyul, AZƏRTAC
Yaponiyada leysanlar, onun doğurduğu daşqın və torpaq sürüşməsi səbəblərindən 520 min nəfərə təxliyə olunmaq göstərişi verilib. Bu barədə NHK televiziyası məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, on dörd prefekturanın hökumət orqanları əhaliyə evlərini tərk edərək təxliyə məntəqələrinə getmək, əgər bu, mümkün deyilsə, binaların yuxarı mərtəbələrinə qalxmaq göstərişi verilib. Yaponiyada 47 prefektura var. Altı prefekturada 18 çayda suyun səviyyəsi hədsiz yüksəlib ki, bu da istənilən vaxt daşqın yarada bilər.
Bundan əvvəl leysanlar, daşqın və torpaq sürüşməsi səbəblərindən ölkədə üç nəfərin öldüyü, bir neçə nəfərin itkin düşdüyü barədə məlumat verilib. Sinoptiklər bu gün və sabah Yaponiyanın mərkəzi rayonlarında yağıntının miqdarının ciddi fəlakətə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər.