İQTİSADİYYAT
Yaxın günlərdə Beynəlxalq Avtovağzal ərazisi yaxınlığındakı yolda bərkitmə işləri tam başa çatacaq
Bakı, 22 fevral, Ramiz Quliyev, AZƏRTAC
Bakı-Sumqayıt avtomobil yolunda - Beynəlxalq Avtovağzal ərazisi yaxınlığında yaranmış çatla bağlı artıq ikinci aydır ki, bərkitmə işləri aparılır. Yaxın günlərdə yolun bu sahəsində bərkitmə işləri tam başa çatdıqdan sonra problem aradan qaldırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Sözügedən ərazidə problemin yaranma səbəblərinə toxunan S.Məmmədov deyib ki, ərazidəki çatlar əsasən yaxınlıqdakı təpəciklərin suvarılması, qrunt sularının üzə çıxması və vağzal binasının istinad divarı ilə magistral yol arasında drenaj sisteminin olmadığından yaranıb.
ASC sədri onu da vurğulayıb ki, hazırda Bakı-Sumqayıt avtomobil yolunda nəqliyyatın hərəkəti üçün heç bir maneə yoxdur.