MƏDƏNİYYƏT
Yay tətili günlərində “Ölkəmizi tanıyaq” tur-aksiyaları məktəblilərə ən böyük hədiyyədir
Qobustan, 11 avqust (AZƏRTAC, Adil Ağayev). “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları çərçivəsində IX-XI sinif şagirdlərinin Azərbaycanın dilbər guşələrinə ekskursiyaları məktəblilər üçün əsl yay tətili hədiyyəsidir. Bu hədiyyəyə görə tur-aksiyanın təşəbbüsçüsü Prezident İlham Əliyevə hədsiz dərəcədə minnətdaram.
Bu sözləri tur-aksiyanın Qobustan-İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə qrupunun bələdçisi, Qobustan şəhərindəki 2 nömrəli tam orta məktəbin kimya müəllimi Əlibəy Abduləzizov AZƏRTAC-a müsahibəsində söyləyib. Tur-aksiyanın şagirdlər üçün faydasından danışan Ə.Abduləzizov deyib: “Ekskursiyada rayon məktəblilərindən ən fəal, yaxşı oxuyan, respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda diqqətəlayiq nəticələr göstərən şagirdlər iştirak edirlər. Onlar gedəcəkləri üç rayon barədə, xüsusən bölgələrin tarixi, maddi-mədəniyyəti, bugünkü həyatı barədə çox bilgilər əldə etmək arzusundadırlar. Bu isə hər bir məktəbli üçün olduqca vacibdir”.