SİYASƏT
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yaranmasının 18-ci ildönümü qeyd olunmuşdur
Balakən, 8 mart (AZƏRTAC). Balakən Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yaranmasının 18-ci ildönümü və 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda, ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Partiya fəallarının, rayonun fəal qadınlarının iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək partiya üzvlərini əlamətdar bayram münasibətilə təbrik etmiş, YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, ümummilli liderimizin siyasi xəttinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğunu xüsusi vurğulamışdır.
İcra başçısı dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da 8 mart- Beynəlxalq Qadınlar Gününün dövlət səviyyəsində böyük təntənə və sevinclə qeyd olunduğunu, qadınların cəmiyyətimizin aparıcı qüvvəsinə çevrildiyini qeyd etmiş, rayonun ictimai-siyasi və mədəni həyatında zərif cinsin nümayəndələrinin rolunu yüksək qiymətləndirmiş, onlara sevinc və səadət dolu günlər arzulamışdır.
Tədbirdə YAP Balakən rayon təşkilatının sədri Akif Uluxanov və təşkilatın gənclər birliyinin sədri Zamir Dibirov çıxış edərək 18 ildə rayon təşkilatının keçdiyi şərəfli yola bir daha nəzər salmış, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyini xüsusi vurğulamışlar.
İcra hakimiyyətinin başçısı A. Məmmədov partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim etmişdir.
Bayram tədbiri musiqi kollektivlərinin rəngarəng konsert proqramı ilə başa çatmışdır.