MƏDƏNİYYƏT
Yeni çəkilmiş “Leyli və Məcnun” film-operası ictimaiyyətə təqdim olunacaqdır
Bakı, 14 fevral (AZƏRTAC). Martın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılmış “Leyli və Məcnun” film-operasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası əsasında çəkilmiş bu ekran əsərinin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur.
Film-operada Məcnun rolunu, Xalq Artisti Mənsum İbrahimov, Leyli obrazını isə Xalq Artisti Aygün Bayramova canlandırmışlar.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək bildirmişdir ki, 2008-ci ildə “Leyli və Məcnun” operasının 100 illik yubileyi keçirilərkən belə bir layihənin reallaşdırılması qərara alınmışdır. Ötən müddətdə Azərbaycanın məşhur muğam ifaçıları bu partiyaları ifa etmişlər. Bu gün mövcud müasir rəqəmsal texnologiyalar bizə imkan verdi ki, operanı tamaşa formatından fərqli, yeni bir formada tamaşaçıya göstərək. Sevinirəm ki, bu sənət əsərini hazırda Bakıda keçirilən möhtəşəm musiqi bayramı- “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı günlərində təqdim edirik.
Tədbirdə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin dirijoru, Xalq Artisti Teymur Göyçayev və Azərbaycan Dövlət xor kapellasının dirijoru, Xalq Artisti Gülbacı İmanova jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.
Bildirilmişdir ki, 3 il ərzində ərsəyə gələn film-operanın çəkilişləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və “Buta Palace”də aparılmışdır.
Martın 17-də Nizami Kino Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq 50 dəqiqəlik bu ekran əsərinin yaxın gələcəkdə xarici ölkələrdə ingilis, rus, alman, ərəb subtitrləri ilə təchiz etdirilmiş formada nümayişi nəzərdə tutulmuşdur.