İDMAN
Yeniyetmə güləşçilərimiz Olimpiya Oyunlarına hazırlaşırlar
![Yeniyetmə güləşçilərimiz Olimpiya Oyunlarına hazırlaşırlar](/files/2014/2/1200x630/14087125594861552958_1200x630.jpg)
Bakı, 10 avqust (AZƏRTAC). Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, avqustun 16-dan 28-dək Çin Xalq Respublikasının Nancinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləşçilərimiz son təlim-məşq toplanışına başlayıb. Avqustun 11-dək davam edəcək hazırlıqda böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında 6 güləşçi iştirak edir. Yeniyetmələrin Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında ölkəmizi Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcəklər.
Yeniyetmə yunan-Roma güləşçilərimiz isə Olimpiya Oyunlarına Xaçmaz Olimpiya İdman Kompleksində hazırlaşırlar. Bu idman növü üzrə Çində Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) yarışacaqlar.