DÜNYA
Yunanıstan muzeyləri tətillərə görə bağlanmışdır
Bakı, 16 mart (AZƏRTAC). Yunanıstanın mədəni həyatı xarici qonaqların gözündə cazibədarlığını xeyli itirmişdir: ölkənin hər yerində muzeylər və arxeoloji abidələr bağlanmışdır. İşçilər bir həftəlik - martın 20-dək tətil elan etmişlər. Yunan tarixini qoruyanlar ilk dəfədir, belə uzun tətil elan etmişlər, əvvəllər onlar martın 8-də və 11-də olduğu kimi, bir günlük boykotla kifayətlənirdilər.
Muzey qulluqçuları təkcə mədəniyyət üçün deyil, ictimai həyatın digər sahələri üçün də xərclərin azaldılması fonunda öz sahələrinin bürokratlaşdırılmasına qarşı çıxırlar. Məsələ burasındadır ki, iqtisadiyyatı artıq dalbadal altıncı ildir ki, tənəzzüldə olan Yunanıstan Aİ və BVF tərəfdən təqribən 50 milyardlıq kreditlər müqabilində 13,5 milyardlıq ixtisar planı qəbul etmişdir.
Ölkənin turizm sahəsinin nümayəndələri bildirirlər ki, tətillər, ələlxüsus da ki, muzey əməkdaşlarının çıxışları ölkənin cazibədarlıq səviyyəsinə məhvedici təsir göstərir, çünki Yunanıstanın qonaqları mədəni-tarixi abidələrə tamaşa etmək imkanından məhrum olurlar.
Turizm sahəsinin əməkdaşları belə hesab edirlər ki, tətillər keçirmək qərarı ölkənin turizm sahəsinə mənfi təsir göstərir, belə ki, səyahətə çıxanlar Yunanıstanın mədəniyyət və tarixi abidələrini görə bilməyəcəklər.
Bununla yanaşı lap bu yaxınlarda Turizm Nazirliyi və Yunanıstan Milli Turist Təşkilatı (YMTT) “Yunanıstan” brendini dirçəltmək niyyətində olduqlarını bildirmişlər. YMTT-nin baş katibi Panos Livadas demişdir: “Böhranlar gəlir də, gedir də, Yunanıstanın dəyəri isə dəyişməz olaraq qalır”. Ümumi xarici turist axını bir il ərzində 5,5 faiz azalaraq 15,5 milyon nəfərə enmiş ölkə öz turizm nüfuzunun bərpasına təqribən 11 milyon avro yönəltməyə hazırdır.