REGİONLAR
Zaqatalanın kəndlərində yeni baytarlıq məntəqələri istifadəyə verilmişdir
Zaqatala, 15 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Zaqatala rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq rayonun Suvagil və Göyəm kəndlərində baytarlıq məntəqələri üçün yeni binalar tikilmişdir.
Bir neçə ay əvvəl rayon baytarlıq idarəsinin də dövlət vəsaiti hesabına, müasir avadanlıqla təchiz olunmuş yeni inzibati binası tikilib istifadəyə verilmişdir. Binada, həmçinin diaqnostika kabineti, steroloji və bakterioloji şöbələr də fəaliyyət göstərir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, belə məntəqələr rayonda mal-qaranın təhlükəli xəstəliklərdən qorunmasında, heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün planlı şəkildə epizootiya əleyhinə profilaktiki tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının sanitar keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayır.
Bundan əlavə, baytarlıq xidmətinin səmərəliliyini artırmaq məqsədilə hazırda rayonda fermerlərə 18 özəl baytarlıq apteki və baytar mütəxəssisləri xidmət göstərir.
Yaxın gələcəkdə Əliabad qəsəbəsi, Yengiyan və Çobankol kəndlərində də baytarlıq məntəqələri üçün yeni binaların tikintisinə başlanılacaqdır.