MƏDƏNİYYƏT
Zəfər Günün münasibətilə Bolqarıstanda böyük konsert proqramı təqdim edilib
Bakı, 9 noyabr, AZƏRTAC
Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Sofiya şəhərinin mərkəzi konsert zalında bu ölkənin tanınmış sənətçiləri və Azərbaycanın Əməkdar artistləri Sahib Paşazadə, İlham Nəzərov və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin iştirakı ilə böyük konsert proqramı təqdim edilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Bolqarıstan hökumətinin rəhbər nümayəndələrinin, tanınmış ictimai-siyasi və mədəniyyət xadimlərinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər şəxslərinin, aparıcı media nümayəndələrinin, həmçinin Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və Bolqarıstanın xalq və bəstəkar mahnıları səsləndirilib.
Konserti giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 8 Noyabr - Zəfər Gününün Azərbaycanın tarixində tutduğu önəmli yeri və rolu haqqında danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz əzəli torpaqlarını beynəlxalq hüququn prinsip və normaları, BMT nizamnaməsi, Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların müvafiq qərarlarına əsasən azad edib.
Səfir müharibənin başa çatmasının bölgədə yeni era - bərpa və quruculuq erasının başlamasına əsas verdiyini diqqətə çatdıraraq, işğaldan azad olunmuş ərazilərdə fəal şəkildə aparılan bərpa işləri haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın gələcəyə baxışı regionda davamlı sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsini ehtiva edir.
8 Noyabr - Zəfər Gününün ədalət və haqqın qələbəsi olduğu vurğulanaraq, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin öz doğma yurdunun xarici işğaldan azad etmək uğrunda vuruşduğu qeyd olunub. Bir daha diqqətə çatdırılıb ki, Zəfər Azərbaycan xalqının birliyi, milli qüruru və ruhu, habelə qəhrəmanlığı və qətiyyəti sayəsində əldə olunub.
Maraqla izlənilən və davamlı alqışlarla müşayiət olunan konsert proqramında Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə ifası ilə Qərb və Şərq musiqi mədəniyyətinin tərənnüm edilməsinin multikulturalizm ideyaları və dəyərlərinin parlaq nümunəsi olduğu vurğulanıb.