İQTİSADİYYAT
Zərdabda istehlakçı hüquqlarının qorunmasına həsr edilmiş konfrans keçirilmişdir
Zərdab, 26 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Zərdabda rayon icra hakimiyyətinin dəstəyi ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxış edərək tədbirin məqsədlərini açıqlamışdır. Qeyd etmişdir ki, bu gün istehlakçıların hüquqlarının qorunması sahəsində regionlarda mövcud vəziyyətin təhlili, aidiyyəti dövlət orqanlarının bu sahədə vəzifələri barədə müzakirələrin aparılması, dövlət orqanları–istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdırılmasına nail olunması, istehlakçı hüquqları ilə bağlı regionlarda həyata keçiriləcək təbliğat-təşviqat və digər maarifləndirmə tədbirlərinin istiqamətlərinin müəyyənləşdirilməsi çox vacibdir. Hazırkı konfrans baxımdan xüsusi əhəmiyyət daşıyır.
Konfransda “İstehlakçıların hüquqlarının qorunmasında dövlət orqanlarının vəzifələri”, “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, “İstehlakçıların hüquqlarının müdafiəsi tədbirlərini gücləndirmək vacib məsələdir”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzularında çıxışlar dinlənilmişdir.
Tədbirdə istehlakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda tədbir iştirakçılarına əyani vəsaitlər, bukletlər və kitabçalar paylanılmışdır.