CƏMİYYƏT
Paytaxtda istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini saxlanılıb VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən insanların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması, eyni zamanda, magistral yollarda qəzaların baş verməsinə şərait yaradan amillərdən biri olan keyfiyyətsiz avtomobil təkərlərinin satışının qarşının alınması və bu işlə məşğul olan şəxslərə qarşı mübarizə çərçivəsində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakının Xətai rayonunda yerləşən obyektlərdən birində keçirdikləri tədbirlərlə istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açaraq onların təzə təkər adı altında satışını təşkil edib və dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurub.
F.Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib.
Qeyd edilən faktla Baş İdarənin İstintaq Şöbəsində araşdırma aparılır.