SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 14 iyun, AZƏRTAC
İyunun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycan və Qazaxıstan xalqlarının eyni kökə malik olduğunu və ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdırdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini xatırladan Ali Məclisin Sədri hər iki ölkə Prezidenti tərəfindən dostluq münasibətlərinin davam etdirildiyini bildirib.
Səfir Beybit İsabayev göstərilən xoş münasibətə görə minnətdarlıq edib. Qonaq Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu və bunun gələcək əməkdaşlıq üçün geniş perspektivlər açdığını qeyd edib, bu sahədə səylərini əsirgəməyəcəyini bildirib.