DÜNYA
Moskva İŞİD lideri əl-Bağdadinin taleyi barədə dəqiq məlumata malik deyil
Bakı, 17 iyul, AZƏRTAC
Moskvada İŞİD terror qruplaşmasının lideri Əbu-Bəkr əl-Bağdadinin ölümü barədə dəqiq informasiya yoxdur. Daxil olan bütün məlumatlar yoxlanılır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, alınan məlumatlar həqiqətən ziddiyyətlidir və müvafiq xidmətlər tərəfindən təhlil edilir.
Bu gün Reuters agentliyi kürd antiterror qüvvələrinin yüksək vəzifəli nümayəndəsi Lahur Talabaniyə istinadla məlumat yayıb ki, böyük ehtimalla əl-Bağdadi sağdır və Rakka şəhərindən cənubda yerləşir. Ötən çərşənbə axşamı isə İraq informasiya portallarından biri İŞİD-dəki mənbənin əl-Bağdadinin öldürüldüyünü etiraf etdiyinə dair xəbər yaymışdı. Xəbərdə, həmçinin deyilirdi ki, bu yaxınlarda onun varisinin adı elan olunacaq.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin Rakka şəhərinin cənubunda mümkün məhvi barədə açıqlama vermişdi. Nazirlikdən bildirmişdilər ki, mayın 28-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aviasiya İŞİD liderlərinin toplaşdığı komanda məntəqəsinə zərbə endirib. Aviazərbə nəticəsində 30-dək yüksək vəzifəli səhra komandirinin öldürüldüyü, əl-Bağdadinin də onların arasında olduğu iddia edilirdi.
İŞİD başçısının ölümü haqqında KİV-də zaman-zaman məlumatlar yayılsa da, onların heç biri təsdiqini tapmayıb.