CƏMİYYƏT
Alyona Kleşşinskaya: “ASAN xidmət” mərkəzlərində yüksək keyfiyyətli xidmət göstərilir
Bakı, 11 oktyabr, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərindəki iş prinsipi çox xoşuma gəldi. Statistikaya baxsaq, orta hesabla dörd dəqiqə ərzində vətəndaşların müraciətləri öz həllini tapır. Çox çevik sistemdir və vətəndaşlar məmnundurlar. Azərbaycandakı “ASAN xidmət” mərkəzlərində yüksək keyfiyyətli xidmət göstərilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın Ukraynadan olan iştirakçısı Alyona Kleşşinskaya jurnalistlərə müsahibəsində deyib.
Ölkəmizə ilk dəfə gəldiyini deyən Alyona Kleşşinskaya qeyd edib ki, bu xidmətlər çox rahatdır. Regionlarınızda da “ASAN xidmət” mərkəzləri olduğu üçün vətəndaşlarınızın Bakıya gəlməsinə və növbədə gözləməsinə ehtiyac olmur və beləliklə, xidməti yerindəcə almaq olur. Vətəndaşlara yaşadıqları bölgədə xidmətdən istifadə etmək imkanları yaradılıb. Düşünürəm ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması çox yaxşı ideyadır. Mənə elə gəlir ki, siz bu ideyanı paylaşmalı və Azərbaycanın bu müsbət təcrübəsini başqa ölkələrlə bölüşməlisiniz.