REGİONLAR
111 saylı Zaqatala-Balakən seçki dairəsinin məntəqələri səsverməyə hazırdır
Zaqatala, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
111 saylı Zaqatala-Balakən seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun davam etdirilir.
Dairə seçki komissiyasının sədri Zöhrab İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçkilərdə bu dairə üzrə 13 bələdiyyəyə, ümumilikdə, 133 üzv seçiləcək. Bu bələdiyyələrin 7-si Zaqatala, 6-sı isə Balakən rayonunun ərazisində fəaliyyət göstərir. Zaqatala rayonunun bu dairəyə aid ərazisində 73, Balakən rayonunda isə 60 nəfər bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı 448 nəfərdir. Dairə üzrə indiyədək 430 nəfər müşahidəçi qeydə alınıb və bu proses davam edir.
Komissiya sədri bildirib ki, dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 29-u Zaqatalada, 15-i isə Balakən rayonunun ərazisində yerləşir. Bütün seçki məntəqələri səsvermə gününə tam hazırdır.
AZƏRTAC-ın bölgə müxbiri dairənin tərkibində olan 2 nömrəli seçki məntəqəsində olub, seçkilərə hazırlıq vəziyyəti ilə maraqlanıb.
Məntəqədə bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün veb-kamera da quraşdırılıb. Məntəqə seçki komissiyasının sədri Cümşüd İsmayılovun məlumatına görə, məntəqə üzrə 1206 seçici qeydə alınıb. Onlardan 11 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. Hazırda seçicilərə səsvermənin keçirilmə vaxtı və yeri barədə bildirişlərin paylanılmasına hazırlıq görülür.