İQTİSADİYYAT
114 nömrəli marşrut xətti ləğv edilir
Bakı, 5 fevral, Elvin Camalov, AZƏRTAC
114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin avtobusların əlavə məsafə qət etməsinə səbəb olub. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini “20 Yanvar” metro stansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb.
Qeyd edək ki, Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – “20 Yanvar” metro stansiyası istiqamətinə 114 A, Müşfiqabad qəsəbəsi – “20 Yanvar” metro stansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib. Dəyişikliyin edilməsində məqsəd, Pirəkəşkül qəsəbəsi və Müşfiqabad qəsəbəsi sakinlərinin “20 Yanvar” metro stansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir.
Məlumat üçün bildirək ki, sözügedən dəyişikliyin fevralın 10-dək təmin edilməsi nəzərdə tutulub.