ELM VƏ TƏHSİL
Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakıda səfərdə olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə MDU-nun məzunlarının təşkilati dəstəyi ilə Rusiyalı və Azərbaycanlı tarixçilərin Assosiasiyasının yaradılması məsələsi təklif olunub. Aparılan səmərəli müzakirədən sonra bu qurumun yaradılması məqsədəuyğun sayılıb. Tədbirdə, həmçinin orta məktəblərin tarix müəllimləri üçün Rusiya-Azərbaycan münasibətlərinin ümumi tarixinə dair metodik tövsiyələrin hazırlanması qərara alınıb.
Sonra ADPU ilə MDU-nun tarix fakültəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi MDU-nun tarix fakültəsinin dekanı, professor İvan Tuçkov və ADPU-nun rektoru, professor Cəfər Cəfərov imzalayıblar.
Müqavilədə qarşılıqlı maraq doğuran birgə elm və təhsil layihələrinin gerçəkləşdirilməsi, dünya əhəmiyyətli problemlərlə bağlı müştərək elmi konfransların, simpoziumların, seminarların təşkili və keçirilməsi, akademik mobilliyin inkişafı, tələbə və müəllim mübadiləsi, informasiya, elmi nəşrlərin və tədris-metodik ədəbiyyatın mübadiləsi nəzərdə tutulub.