CƏMİYYƏT
Salyan rayonunda sürücülər arasında maarifləndirici tədbir keçirilib VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının nəzarətində olan Salyan rayonu ərazisində maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı əvvəlcə Salyan postu ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb. Həmçinin avtobus və mikroavtobuslarla rayonlararası sərnişin daşıyan sürücülər saxlanılaraq avtomobillərə baxış keçirilib. Sürücülər və sərnişinlər ilə maarifləndirici söhbətlər aparılıb. Sürücülərin əsasən tibbi müayinədən keçməsi hallarına diqqət yetirilib. Onlara yorğun olduqları hallarda postlarda qısamüddətli istirahət üçün imkan yaradıldığı bildirilib.
Minik avtomobilinin sürücülərindən daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefondan istifadə edənlərə rast gəlinib. Onlara bunun təhlükəli elementləri barədə bir daha məlumat verilib.
Sürücülərin nəzərinə çatdırılıb ki, istirahət mövsümü başa çatmaq üzrə olduğundan bölgələrdən paytaxta nəqliyyatın hərəkətində intensivlik müşahidə edilir. Bu baxımdan avtobus və mikroavtobusları idarə edən sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından avtomobil idarə edən zaman istirahət rejiminə ciddi nəzarət etmələri xahiş olunur.