SİYASƏT
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsi üzrə seçki məntəqələri 55 rayonda fəaliyyət göstərir
Bakı, 26 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd Seçki Dairəsi üzrə hazırda 82 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələri respublikanın 55 rayonunda yerləşir.
Bu barədə AZƏRTAC-a Dairə Seçki komissiyasının sədri Vahid Abbasov deyib.
Komissiya sədri diqqətə çatdırıb ki, bu gün dairə seçki komissiyası özündə Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonlarının seçicilərini birləşdirir. Ümumilikdə isə 44 min 44 nəfər seçici qeydiyyata alınıb. Dairə Seçki Komissiyasının 9 üzvü var və onlar sözügedən rayonların nümayəndələridir.
V.Abbasov həmçinin əlavə edib ki, referendumun gedişini izləmək üçün bütün seçki məntəqələri ilə hər 2 saatdan bir telefon vasitəsilə əlaqə saxlanılır. Bütün seçki məntəqələrinə telefon xətti çəkilib. Seçki məntəqələri saat 19.00-da bağlandıqdan sonra protokol tərtib ediləcək və seçki dairəsinə təqdim olunacaq.