ELM VƏ TƏHSİL
BSU-nun tələbələri Cocuq Mərcanlı məktəbində pedaqoji təcrübə keçəcəklər
Bakı, 2 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) IV kursda təhsil alan bir qrup tələbəsi Aprel döyüşlərinin üçüncü ildönümü ilə bağlı könüllü olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanacaqlar.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tələbələrin təcrübə rəhbəri, rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə pedaqoji təcrübənin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim kimi dəyərləndirib. O deyib: “Mən əvvəllər də tələbələrimizlə birgə Ağdam və Cəbrayıl rayonlarında yerləşən orta məktəblərdə olmuşam. Həmin məktəblərin rəhbərləri, o cümlədən şagirdlər BSU-nun tələbələrindən razı qalıblar. İnanıram ki, budəfəki təcrübəmizdə uğurlarımız daha çox olacaq”.
Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Samir Abdulov onun üçün Bakı məktəbləri ilə cəbhə bölgəsində yerləşən məktəblər arasında heç bir fərq olmadığını deyib: “Bütün Azərbaycan torpaqları bizimdir. Eyni Vətəni olan insanlar arasında bölgə fərqi qoymuram. Cocuq Mərcanlıda keçəcəyim təcrübə ilə bağlı planlarım çoxdur. Əsas məqsədim orada yaşayan uşaqlarda gələcəyə inam yaratmaq, həmçinin ictimai-sosial işlərdə fəal olmaqla bağlı onları maarifləndirməkdir. Yaxın gələcəkdə bütün işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, həmin ərazilərdə potensiallı gənclər üçün belə imkanlar yaradılacağına inanıram”.
Həmin fakültənin IV kurs tələbəsi Leyla Hacıyeva öz təəssüratlarını belə ifadə edib: “Mən əvvəlcə Bakı məktəblərindən birində pedaqoji təcrübə keçəcəyimi düşünürdüm. Təcrübə keçəcəyimiz məktəblərin siyahısı bizə təqdim olunanda Cocuq Mərcanlı kənd məktəbinin də siyahıya salındığını gördüm. Bu fürsəti dəyərləndirib qərarımı verdim. Hərbçi ailəsində doğulduğum üçün orada qarşılaşa biləcəyim hər bir çətinlikdən xəbərdaram. Cocuq Mərcanlı kənd məktəbində yaradılan şəraitlə bağlı universitet rəhbərliyindən dolğun məlumat aldım. Torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən necə qorunduğu hər kəsə məlumdur. Buna görə də heç bir narahatlığım yoxdur. Əgər müəllimlik sənətinə həvəsin və sevgin varsa, insan üçün məkanın heç bir fərqi olmamalıdır. Bütün şagirdlər müəllim üçün eynidir, müəllimin vəzifəsi şagirdlər arasında bərabərliyi təmin etməkdir. Vətənimizin gələcəyi naminə çalışmaq hər bir Azərbaycan vətəndaşının borcudur”.
BSU-nun “SABAH” qruplarının rus dili müəllimliyi üzrə təhsil alan IV kurs tələbəsi Zarema Tintinova pedaqoji təcrübəni cəbhə bölgəsində keçmək arzusunda olduğunu dilə gətirib: “Məqsədim öz biliyimi oradakı uşaqlarla bölüşmək, onların yaşayış tərzi ilə yaxından maraqlanmaqdır. Pedaqoji təcrübəmiz Aprel döyüşlərinin üçüncü ildönümünə düşdüyü üçün həmin məktəbdə vətənpərvərlik mövzusunda bir sıra tədbirlər, şeir müsabiqələri keçirməyi planlaşdırırıq”.
Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Ülviyyə Mədətova isə Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməyin onun üçün qürurverici hal olduğunu deyib: “Azərbaycan torpağı olan Cocuq Mərcanlının işğaldan azad olunması, dövlətimiz tərəfindən bu kənddə yaradılan şərait göz qabağındadır. Atam Qarabağ müharibəsi veteranıdır. Uşaq vaxtlarımdan atamın cəbhə xatirələrini dinləməyim məndə bu arzunu formalaşdırıb. Mən fəxr edirəm ki, orada yaşayan fidan balalara qısa vaxt ərzində də olsa müəllimlik edə biləcəyəm”.
Həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Kamilə Abbasova bildirib ki, xüsusi həssas bölgədə yaşayan uşaqların psixoloji dəstəyə, motivasiyaya daha çox ehtiyacı var: “Məktəbdə oxuduğum vaxtlardan ən böyük arzum cəbhə bölgəsində yerləşən kəndlərdə müəllim kimi çalışmaq olub. Çünki mən də Cəbrayıl rayonunda doğulmuşam. Aprel döyüşlərində qohumlarım, həmin il əsgərlikdə olan yaxınlarım iştirak ediblər. Bu şəraiti bizim üçün yaratdığına görə dövlətimizə və BSU-nun rəhbərliyinə minnətdaram”.