ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin kollektivi İvanovka kəndində olub
Bakı, 18 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) filologiya və xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı və Azərbaycan Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiasiyasının dəstəyi ilə ali məktəbin kollektivi İsmayıllı rayonunun İvanovka kəndində olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, universitetin kollektivi İvanovka kəndində rus icması ilə görüşüb, eyni zamanda, kənd məktəbində böyük rus yazıçısı Vasili Şukşinin anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirib.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin İsmayıllı rayonunun mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
BSU-nun nümayəndə heyəti İsmayıllı Rayon İcra Hakimiyyətində olub. Görüşdə qonaqlara rayonda aparılan abadlıq-quruculuq işləri, rayonun milli-etnik tərkibi, İvanovka kəndinin spesifik xüsusiyyətləri barədə məlumat verilib. Qeyd olunub ki, BSU-nun professor-müəllim heyətinin bu səfəri yerlərdə təhsilə maraq və diqqətin artmasına səbəb olacaq.
Sonra universitetin kollektivi İvanovka kəndində Rus icmasının rəhbərliyi, məktəbin direktoru, müəllim və şagirdlərlə görüşüb. Qonaqlar böyük rus yazıçısı Vasili Şukşinin anadan olmasının 90 illiyinə həsr olunan “Milyonlarla ürək bir istəkdə qovuşur” adlı tədbirdə iştirak ediblər.
Mərasimdə çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov universitetin kollektivinin bölgələrə daim səfər etdiyini söyləyib, bir müddət əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olduğunu xatırladıb. Prorektor bu cür görüşlərin davamlı olacağını bildirib.
BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva ali məktəbdə 15 xarici dilin tədris edildiyini, rus dilinə isə xüsusi diqqət yetirildiyini söyləyib. O, Vasili Şukşinə həsr olunan tədbirin İvanovka kəndində keçirilməsinin təsadüfi olmadığını deyib. Vasili Şukşinin bir yazıçı kimi taleyinin rus kəndinə bağlı olduğunu, hətta böyük şəhərlərdə yaşayarkən belə köksünün altında saf bir rus kəndlisinin qəlbinin duyğu və həyəcanlarını daşıdığını söyləyib. Gültəkin Əliyeva tədbirin daha çox rəhbərlik etdiyi fakültənin tələbələrinin istəyindən reallaşdığını bildirib.
Azərbaycan Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina ölkədə rus ədəbiyyatına, mədəniyyətinə həmişə böyük maraq olduğunu bildirib. O, belə tədbirlərin davamlı olmasının, gələcəkdə digər rus şair və yazıçılarına həsr edilən tədbirlər keçirilməsinin vacibliyini vurğulayıb.
BSU-nun rus ədəbiyyatı kafedrasının dosentləri A.Tretyakova “Vasili Şukşin yaradıcılığında qəribə adamlar - qəhrəmanlar”, Kəmalə Umudova “Müxtəlif mədəniyyətlərin qarşılıqlı münasibəti Azərbaycanda tolerantlığın əsas şərti kimi” mövzularında məruzələrlə çıxış ediblər. Universitetin tələbələri Nuridə Cəlilova, Aygün Fərzəliyeva, Vlada Kamayeva Vasili Şukşini yazıçı, aktyor, rejissor kimi səciyyələndiriblər. Tədbir bədii hissəsi ilə davam edib.
Sonda İvanovka kənd orta məktəbinin əlaçı və bacarıqlı şagirdlərinə müxtəlif hədiyyələr təqdim olunub.