ELM VƏ TƏHSİL


AMEA-nın Gəncə Bölməsində akademik Həmid Araslıya həsr edilmiş respublika elmi-praktik konfransı keçirilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində görkəmli ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi Həmid Araslının 110 illik yubileyinə həsr edilmiş respublika elmi-praktik konfransı keçirilib. Prezident İlham Əliyevin Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq keçirilən elmi-praktik konfransda akademik Həmid Araslının yaradıcılığını tədqiq edən görkəmli ədəbiyyatşünas alimlər, tədqiqatçılar, elmi ictimaiyyətin nümayəndələri və böyük elm xadimini tanıyanlar iştirak ediblər.

Tədbirdə dövlətimizin başçısının ədəbiyyat və mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışılıb, akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam bu qayğının təzahürü kimi dəyərləndirilib.

AMEA-nın Gəncə bölməsindən AZƏRTAC-a bildirilib ki, elmi-praktik konfransı AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığı və orta əsrlər ədəbi əlaqələrinin öyrənilməsi sahəsində böyük xidmətlər göstərmiş Həmid Araslının çoxşaxəli yaradıcılığı haqqında məlumat verib. Çıxışlarda Həmid Araslının elmi irsi, yaradıcılığında tarix və tarixilik, Azərbaycan ədəbiyyatının tədrisindəki rolu və Nizami Gəncəviyə həsr etdiyi “Şairin həyatı” kitabı haqqında məruzələr dinlənilib, Azərbaycan folklorşünaslığına verdiyi töhfələr, xüsusilə aşıq yaradıcılığının tədqiqi ilə bağlı xidmətləri qeyd edilib, xatirələr söylənilib. Həmid Araslının ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” dastanın tədqiqi və nəşri, Azərbaycan folklorşünaslığının araşdırılmasında rolu, Füzulinin yaradıcılığının tədqiqatçısı və Nəsimi irsinin ilk araşdırmaçısı kimi xidmətlərindən söhbət açılıb. Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin yaradılmasının da onun adı ilə bağlı olduğu xüsusi vurğulanıb. Görkəmli alimin Şərq xalqlarının ədəbi irsinə göstərdiyi maraq, Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiqi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Qeyd edilib ki, Həmid Araslı təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik edib, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirib. Görkəmli alim Türkiyə və bir sıra Şərq ölkələrinin ən mötəbər akademiyalarının fəxri üzvü seçilib. Konfrans zalının foyesində Həmid Araslının həyat və yaradıcılığı haqqında sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.