SİYASƏT
Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunub
Roma, 28 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində İtaliya Respublikası Prezidentinin diplomatik müşaviri səfir Emanuela D’Alessandro, Baş Nazirin diplomatik müşaviri səfir Pietro Benassi və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Siyasi Məsələlər və Təhlükəsizlik Baş Direktorluğunun rəhbəri səfir Sebastiano Kardi ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, ötən müddətdə həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsinə töhfə verdiyi bildirilib. Qarşılıqlı səfərlərin dinamikasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğundan, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı olmasından söz açılaraq növbəti illərdə bu əlaqələrin daha inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Habelə görüşlərdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti, bu dəhlizin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin tikintisi ilə bağlı işlərin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılmasının vacibliyi vurğulanaraq, bu boru kəmərinin istismara verilməsinin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əlavə töhfə verəcəyi qeyd olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Hikmət Hacıyev münaqişənin nizamlanması üzrə aparılan danışıqların cari vəziyyəti barədə məlumat verərək bu məsələdə ölkəmizin prinsipial mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüşlərdə, habelə regional məsələlər, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, bu xüsusda İtaliyanın töhfələri, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin inkişafında rolu, Azərbaycan və İtaliya arasında humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma