ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunun müəllimləri beynəlxalq simpoziumda iştirak ediblər

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri Əfqanıstanın Kabil şəhərində keçirilən Beynəlxalq İmam Əbu Hənifə Simpoziumunda iştirak ediblər.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Əfqanıstan Respublikası Həcc və Din İşləri Nazirliyinin təşkilatçılıq etdiyi simpoziuma dünyanın 15 ölkəsindən 50-yə yaxın qonaq, ölkə daxilindən isə 3000-dən çox din alimi, mütəxəssis qatılıb.

Konfransda Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, vitse-prezident Sərvər Daniş, Həcc və din işləri naziri Əbdülkərim Münib və digər rəsmilər iştirak ediblər.

Böyük İslam alimi, müsəlman hüquqşünası Əbu Hənifə Nöman ibn Sabitin (699-767) həyat və yaradıcılığına həsr edilmiş simpoziumun panellərində Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, Malayziya, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Misir, Avstraliya və digər ölkələrdən gələn dinşünas mütəxəssislərin, din xadimlərinin Əbu Hənifənin İslam hüququndakı yeri haqqında müxtəlif mövzularda məruzələri dinlənilib.

Simpoziumda ölkəmizi təmsil edən Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Azərbaycanlı alimlərin hənəfi hüquq məktəbinin inkişafında rolu” mövzusunda çıxış edib. O, azərbaycanlı alimlərin müsəlman, xüsusən hənəfi hüququna verdiyi töhfələr haqqında simpozium iştirakçılarını məlumatlandırıb.

İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Sünnə mətnlərinə münasibətdə Əbu Hənifənin “məqasid” metodu” mövzusunda məruzəsində alimin ictihad metodologiyasına, dini mətnlərin reallığa tətbiqində müraciət etdiyi rasional üsullara toxunub.

Aİİ-nin müəllimləri simpozium iştirakçılarına institutun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə də məlumat veriblər. Bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan ali təhsil müəssisəsi dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.